10 dəqiqəlik ani görüş| Blinken-Lavrov danışıqlarında nə müzakirə olunub? – Bakı açar nöqtədir

2023/03/34555-1677857943.jpg
Oxunub: 8573     20:34     03 Mart 2023    
Hindistanda keçirilən G20 xarici işlər nazirlərinin görüşü çərçivəsində ABŞ Dövlət katibi və Rusiya Federasiyasının Xarici İşlər naziri arasında 10 dəqiqə davam edən qısa, hətta demək olar ki, ani görüş keçirildi. Entoni Blinken və Sergey Lavrov 2022-ci ilin iyulundan bəri ilk dəfə bir-biri ilə danışıblar. Həmin vaxt onların telefon danışığı baş tutub və bu söhbətdə rəsmi məlumata görə, onlar Rusiya Federasiyası və ABŞ-da həbsdə olan vətəndaşlarının mübadiləsini müzakirə ediblər. Aylar sonra bu mübadilə nəhayət baş tutub. Lavrov və Blinken 10 dəqiqə ərzində nələri müzakirə edib, nə danışıblar, təfərrüatlar məlum deyil. Lakin mövcud reallıqlardan çıxış edərək bir sıra məsələləri analiz etmək mümkündür. Görüşdən əvvəl heç bir əlaqənin planlaşdırılmadığı barədə məlumatların olduğunu nəzərə alsaq, təmas faktının özü də diqqətəlayiqdir.

Əslində 10 dəqiqəlik görüş bəlkə də zərurətdən yaranıb. Burada diqqəti çəkən əsas məqam ondan ibarətdir ki, görüş 10 dəqiqə də olsa, Ukrayna ilə həmsərhəd Bryansk vilayətinin iki rus kəndinə diversiya qrupların sızmaları barədə məlumatla eyni vaxtda baş tutub. Moskvanın yaydığı rəsmi məlumata görə, sızma və girov götürmə olub, itkilər olub, diversiya qruplarının zərərsizləşdirilməsinə milli təhlükəsizlik və ordu qüvvələri cəlb olunub. Putin Rusiya Təhlükəsizlik Şurasının növbədənkənar iclasını çağırıb. Ukrayna diversiya əməliyyatları ilə heç bir əlaqəsinin olmadığını bəyan edib. Buradan belə nəticəyə gəlmək olar ki, Rusiya mahiyyətcə Krım körpüsündə olduğu kimi yeni hücumlara məruz qalır.

Diversiya əməliyyatlarının yeni növ “başlanğıc nöqtəsinə” çevrilməsi mümkündürmü? Ukrayna prezidentinin müşaviri Podolyak bəyan edib ki, Ukraynanın bu əməliyyatla heç bir əlaqəsi yoxdur və bu, Rusiyanın informasiya təxribatıdır. Blinkenlə Lavrovun 10 dəqiqəlik görüşü məhz bu fonda Hindistanda baş verir. Blinkenlə Lavrov arasında gözlənilməz təmasına əsas səbəb diversiya aktı və onun mümkün təsiridir? Bunu söyləmək çətindir, çünki mövcud vəziyyətin diapazonu əlaqəli də olsa, şübhəsiz ki, daha genişdir. Xüsusilə, son günlər Çin kifayət qədər aktiv gedişlər edir. Çin xarici işlər naziri Hindistanda Kommunist Partiyasının Xarici Əlaqələr Mərkəzi Komitəsinin direktoru, keçmiş xarici işlər naziri Vanq Yinin son Rusiya səfəri zamanı Pekin və Moskvanın “geniş razılaşmalar” əldə etdiyini bəyan edib.

Bunun nə demək olduğu hələ aydın deyil, lakin ABŞ və NATO Çinin Rusiyanı silahlandırmaq qabiliyyəti ilə bağlı ciddi və açıq narahatlığını getdikcə daha çox dilə gətirir, Pekini bu cür addımlardan çəkinməyə çağırır. Şübhəsiz ki, bu proseslərin cərəyan etməsi Qafqazda mövqe mübarizəsini gücləndirmək risklərini və çağırışlarını ehtiva edir. Bütün bunların fonunda Rusiya və İran səfirlərinin Bakıda görüşərək “3+3” və Rusiyanı Azərbaycandan keçməklə İran və Hindistana birləşdirəcək Şimal-Cənub nəqliyyat marşrutu məsələlərini müzakirə etməsi ilə bağlı məlumatlar diqqət çəkir. Maraqlıdır ki, Rusiya və İranın Azərbaycandakı səfirlərinin görüşü Lavrovun Bakı səfərindən və İran xarici işlər nazirinin Ermənistanın xarici işlər naziri ilə Cenevrədəki görüşündən sonra baş tutur.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Çin   Azərbaycan  


Bizi "telegram"da izləyin